Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə Abşeron rayonunda tədbir keçirilib.
Denmedia.az xəbər verir ki, YAP Abşeron Rayon Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdən əvvəl iştirakçılar Xırdalan şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev partiyanın yaranma tarixindən və ötən 34 il ərzində keçdiyi inkişaf yolundan danışıb. O, Yeni Azərbaycan Partiyasının mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını, hazırda isə ölkənin siyasi həyatında aparıcı mövqeyə malik olduğunu bildirib. Abbas Əliyev partiyanın fəaliyyətində dövlətçilik ənənələrinin qorunmasının, milli maraqların müdafiəsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstəyin mühüm yer tutduğunu qeyd edib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında YAP-ın təsis edilməsinin Azərbaycanın müasir siyasi tarixindəki əhəmiyyətinə toxunub. O, Heydər Əliyevin siyasi fəaliyyətinin ölkədə sabitliyin və dövlətçilik ənənələrinin möhkəmlənməsindəki rolundan danışıb. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini yüksək qiymətləndirərək partiyanın qarşısında duran vəzifələrin icrasında rayon təşkilatlarının, fəalların və gənclərin iştirakının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Nigar Məmmədova YAP-ın 34 illik fəaliyyətindən, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin birləşdirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. Deputat qadınların və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının əhəmiyyətinə diqqət çəkib.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışında şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini bildirib. O, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Bakı Mühəndislik Universitetinin müəllimi, Əməkdar müəllim Təyyibə Hüseynova isə Heydər Əliyevin təhsilin inkişafındakı roluna toxunaraq gənclərin intellektual potensialının artırılmasının və vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirin diqqətçəkən məqamlarından biri şəhid övladlarının doğum günlərinin qeyd edilməsi olub. Şəhid Elşad Paşa oğlu Həsənovun qızı Aysun 21, şəhid Mehman Mirəziz oğlu Şirvanovun qızı Nuray isə 8 yaşı münasibətilə təbrik edilib. Onlara gül dəstələri təqdim olunub, xoş arzular çatdırılıb.
Tədbirin bədii hissəsində tanınmış ifaçılar musiqi nömrələri ilə çıxış ediblər.
Sonda iştirakçılara və qonaqlara təşəkkür bildirilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.













