Antibiotik qəbulundan sonra bağırsaq mikroflorasını bərpa etmək üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.
Denmedia.az xəbər verir ki, bu barədə britaniyalı həkim Əmir Xan Daily Mirror nəşrinə danışıb.
Həkimin sözlərinə görə, antibiotiklər bağırsaqdakı faydalı bakteriyaların balansını poza bilər. Bu tarazlığı bərpa etmək üçün o, ilk növbədə prebiotiklərlə zəngin qidaların qəbulunu tövsiyə edib. Sarımsaq, soğan, kəvər, qulançar və banan belə qidalar sırasındadır.
Əmir Xan probiotiklərin də bağırsaq mikroflorasının bərpasına kömək etdiyini bildirib. Kimçi, turşuya qoyulmuş kələm, kefir, təbii yunan yoqurtu, çedar və motsarella pendirləri faydalı bakteriyaların mənbələri arasında göstərilib.

Mütəxəssis, həmçinin rasiona müxtəlif rəngli meyvə və tərəvəzlərin əlavə edilməsini məsləhət görüb. Onun sözlərinə görə, bitki mənşəli qidaların müxtəlifliyi bağırsaq mikroflorasının sağlamlığını dəstəkləyir.
Həkim bağırsaq sağlamlığını yaxşılaşdırmağın daha az bilinən üsullarını da sadalayıb. Bunlara heyvanlarla təmas, bağçılıqla məşğul olmaq və açıq havada gəzintilər daxildir.
Əmir Xan izah edib ki, bu fəaliyyətlər orqanizmin müxtəlif mikroorqanizmlərlə təmasını artırır və onlara qarşı davamlılığının güclənməsinə kömək edə bilər.

