ABŞ-də dörd il əvvəl zibil torbasında kəsilmiş başı tapılan kişinin qətli ilə bağlı həyat yoldaşı və qızı həbs edilib.
Denmedia.az People nəşrinə istinadən xəbər verir ki, hadisə 2022-ci ilin sentyabrında Kaliforniya ştatında baş verib.
Həmin vaxt itini gəzdirən qadın zibil torbasının içərisində insan başı aşkar edib. Qalıqların ciddi şəkildə çürüməsi səbəbindən hüquq-mühafizə orqanları uzun müddət ölən şəxsin kimliyini müəyyənləşdirə bilməyiblər. Yalnız 2024-cü ildə onun 73 yaşlı Pol Uesli Fitsmoris olduğu müəyyən edilib.
Araşdırma zamanı kişinin 75 yaşlı həyat yoldaşı Corciya və 45 yaşlı qızı Meri ilə birlikdə yaşadığı üzə çıxıb. Maraqlıdır ki, ailə üzvlərindən heç biri onun itkin düşməsi barədə polisə müraciət etməyib.
Ana və qız illərlə qohumlarını və tanışlarını kişinin sağ olduğuna inandırıblar. Onlar Polun narkotik asılılığı səbəbindən nadir hallarda evə gəldiyini iddia ediblər. Bu müddət ərzində isə onun dövlət qulluqçusu kimi aldığı pensiyanı mənimsəməyə davam ediblər.
İstintaqın versiyasına görə, kişini öz qızı öldürüb, həyat yoldaşı isə meyitin qalıqlarının yox edilməsinə kömək edib. Hər iki qadın həbs olunub və məhkəmə qarşısına çıxarılmağı gözləyir.

