Yardımlı rayonunun Şəfəqli kənd sakini Nemət Qürbət oğlu Sultanov baş nahiyəsindən xəsarət alıb.
“Den.az” xəbər verir ki, bu barədə Qafqazinfo.az-a müraciət edən 58 yaşlı N.Sultanov ona xəsarətin aprelin 26-da kürəkəni tərəfindən yetirildiyini deyir.
Kürəkəninin məsuliyyətə cəlb edilməsini tələb edən qayınata hadisə ilə bağlı polisə müraciət ünvanladığını bildirib: “Kəndin mərkəzində durduğum yerdə, xəbərim olmadan arxadan kürəkənim Qiyasov Tahir Malik oğlu mənə yaxınlaşdı və əlində sellofana bükülmüş daşla başıma güclü zərbə endirdi. Sonra yerə yıxılmağımdan istifadə edərək üzümə yumruqla zərbələr vuraraq qaçdı”.
N.Sultanov qızının ailəsində söz-söhbətlərin olduğunu, lakin onların şəxsi işlərinə qarışmadığını əlavə edib. O, məsələ ilə əlaqədar artıq Yardımlı Rayon Polis Şöbəsinə gedərək ifadə verib: “İstədiyim odur ki, məni öldürməyə çalışan kürəkənimə ağır cəza verilsin”.
İddialarla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olar bildirdi ki, Yardımlı rayon sakini T.Qiyasovun aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qohumu N.Sultanova xəsarət yetirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edilib ki, təyin olunmuş müvafiq ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
N.Sultanov hadisə günü çəkilən videonu da saytımıza təqdim edib. Ürəyi zəif olanların görüntülərə baxmamasını tövsiyə edirik:
[media=]