Argentina Prezidenti Xavyer Miley ölkənin “C5N” telekanalının jurnalistini ona hücum etməkdə günahlandırıb.
“Den.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Miley seçki məntəqəsindən çıxarkən qeydə alınıb və telekanalın efirində canlı yayımlanıb.
Görüntülərə əsasən, jurnalist mikrofonu Argentina liderinin üzünə çox yaxınlaşdırıb və mikrofon onun burnuna toxunub. Bu, Mileyin narazılığına səbəb olub və o, jurnalistə etiraz edərək “Məni bilərəkdən vurdunuz?” deyə soruşub.
Telekanalın aparıcısı isə canlı yayımda həmkarına dəstək olaraq, mikrofonun yumşaq hissəsinin prezidentin üzünə dəydiyini qeyd edib.
Qeyd edək ki, mayın 18-də Buenos-Ayresdə yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Mileyin “La Libertad Avanza” partiyası hazırda aşağı palatada yerlərin 15, Senatda isə 10 faizinə sahibdir.