İqtisadi çöküş və yüksək inflyasiyadan əziyyət çəkən Argentinada hakimiyyət dəyişdi. Dünən keçirilən prezident seçkilərinin ikinci turunda “Azadlıq İrəliləyir” siyasi koalisiyasının namizədi Havyer Miley hazırkı iqtisadiyyat naziri Serxio Massa üzərində açıq fərqlə qələbə qazanıb. Avstriya iqtisadi məktəbinin prinsiplərini bölüşən iqtisadçı professor Havyer Miley ideoloji baxışlarına görə libertariandır və bu siyasi fəlsəfənin qolları olan anarxo-kapitalizm, minarxizm cərəyanlarının tərəfdarıdır. O, dövlətin iqtisadiyyata müdaxiləsinin qəti əleyhinədir (laissez-faire doktrinası) və azad bazarı, fərdin hüquqlarının üstünlüyünü dəstəkləyir. Miley dövlət xərclərini kəskin azaltmağı, hökuməti ixtisar etməyi, köləliyin əlaməti saydığı vergiləri radikal şəkildə aşağı salmağı vəd edir. Qeyri-standart siyasətçi olan Havyer Mileyin ən önəmli seçkiqabağı vədlərindən biri Argentina Mərkəzi Bankının ləğvi və dəyərini hər gün itirən mili pul vahidi pesodan imtina edərək ABŞ dollarına keçiddir.
Mövzunu "Den.az"a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, qlobal istiləşməni “neomarksistlərin yalanı” hesab etməsi, abortlara qarşı çıxması, fərdi silahlanmanı dəstəkləməsi onu müasir ABŞ mühafizəkarlığına və trampçılara yaxınlaşdırır: "Bu səbəbdən onu “kiçik Tramp” adlandırırlar. Sistemdaxili liberalların da əleyhdarı olan Miley onları “libezavr” adlandırır. O, qitədəki və dünyadakı kommunist-sosialist rejimlərə, dikataturalara (Kuba, Venesuela, Nikaraqua, Çin, İran, Rusiya, Şimali Koreya) nifrət edir, amerikalı trampçılardan fərqli olaraq Putin rejiminə deyil, Ukraynaya simpatiya bəsləyir və Rusiyanın işğalçı hücumu başladıqdan sonra Argentina parlamentinə Ukrayna bayrağı gətirməsi ilə yadda qalıb. H.Miley BRİKS təşkilatına (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) üzvlük barədə ölkəsinin müraciətini geri çəkəcəyini, İsraildəki Argentina səfirliyini Tel-Avivdən Yerusəlimə köçürəcəyini bildirib. Əlbəttə ki, müxalifətdə olarkən danışmaq, çıxış yolları göstərmək asandır, dövlətin və xalqın taleyinə görə məsuliyyəti üzərinə götürmək isə tamam başqa məsələdir. H.Mileyin prezidentlik müddətində öz vədlərini necə gerçəkləşdirəcəyini, xüsusən dollarlaşmanı necə həyata keçirəcəyini izləmək maraqlı olacaq. Uğursuzluq halında ənənəvi peronist xəttin növbəti seçkidə revanşı yüksək ehtimaldır".
Günəş Fərəh,
Den.az