Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı iki qadın yanaraq kül olub.
DenMedia.az xəbər verir ki, güclü yanğın bir anda evi öz ağuşuna alıb. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışıb.
Hadisə nəticəsində fərdi yaşayış evində baş vermiş yanğın zamanı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub. Bunlar 76 yaşlı Xanım Əliyeva və onun qızı, 58 yaşlı Reyhan Əliyevadır. Qonşuların və hadisə şahidlərin verdiyi məlumata görə, yanğın səhər saat 5 radalərində olub. Onlar evdə diri diri yanan 58 yaşlı Reyhan Əliyevanın qışqırığına çıxıblar. Alov güclü olduğundan onları evdən çıxara bilməyiblər.
Yanğın güclü olduğundan evə bitişik digər mənzillərə də od düşüb. Mənzilin bir hissəsi yanıb. Ev sahibinin sözlərinə görə, bu mənzillər 2019-cu ildə maklerlər tərəfindən tikilərək satılıb. Evlər yaxın olduğundan alovun qarşısını FHN-nin yanğın söndürənləri güclə ala bilib. İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
Hadisə yerinə Abşeron rayon İcra Hakimiyyətinin və Masazır Bələdiyyəsinin nümayəndələri gəlib. Ərazi Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tam mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfər ana və qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Masazırda baş verən dəhşətli yanğın hadisəsi hər kəsi sarsıdıb. Həyata keçən bu faciə nəticəsində iki qadın yanaraq həyata vida etdi. Yanğından sonra yalnız külə çevrilmiş izlər qalıb ki, bu da yaşanan dəhşətin miqyasını göstərir.
Evlərin tikintisində iştirak edən maklerlərin təhlükəsizlik qaydalarına əməl etmədikləri iddia olunur. Bu məsələni diqqət mərkəzinə çəkən yanğın, bir daha təhlükəsizlik tədbirlərinin əhəmiyyətini vurğulayır. Təəssüf ki, bu cür laqeydlik nəticəsində həyatını itirənlər var.
Burada yalnız maliyyə maraqlarının əsas götürülməsi, insan həyatının dəyərsizləşdirilməsi bu faciənin əsas səbəbləri arasında göstərilir. Tikinti zamanı istifadə olunan materialların keyfiyyətsizliyi və təhlükəsizliyə uyğun olmaması, yanğın riskini artıran əsas amillərdən biridir.
Bu hadisə, insanların yaşadığı binaların təhlükəsizliyinin nə dərəcədə mühüm olduğunu bir daha xatırladır. Eyni zamanda, bu cür hadisələrin qarşısının alınması üçün hüquqi tədbirlərin sərtləşdirilməsinin vacibliyini önə çıxarır.
Ümid edirik ki, bu hadisədən dərs çıxarılacaq və gələcəkdə bu cür faciələrin qarşısının alınması üçün ciddi addımlar atılacaqdır.
Nizami Rəsulov
DenMedia.az