Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında kütləvi dava qeydə alınıb.
Bu barədə DenMedia.az-a hadisə şahidləri məlumat veriblər.
İlkin məlumata görə, qonşular arasında mübahisəyə səbəb qapı açılması məsələsi olub. Belə ki, həmin ünvanda yaşayan Ruslan Quliyev evinin küçəyə çıxışını təmin etmək üçün qapı açmaq istəyib. Lakin qonşusu Alim Nağıyev və övladları buna etiraz ediblər. Etiraz mübahisəyə, mübahisə isə əlbəyaxa davaya çevrilib. Hadisə zamanı Alim Nağıyev baş nahiyəsindən ağır zərbə alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ciddi olduğu bildirilir.
Ərazidə çəkiliş aparan televiziya əməkdaşları ittiham olunan tərəf Ruslan Quliyev və oğlunun hadisə yerinə gəlişi zamanı yenidən baş verən davanın şahidi olublar.
Ruslan Quliyev açıqlamasında bildirib ki, qapını qanuna uyğun olaraq açmaq istəyir. Ancaq qonşu ona imkan vermir.
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, sebtyabrın 4-də Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında olan insidentlə bağlı polisə müraciət daxil olub. Hadisə məişət zəminində yaranan mübahisə nəticəsində baş verib. Tərəflər ərazi üzrə polis orqanına gətirilib, ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Nizami Rəsulov