İsraildə 64 yaşlı qadın anasının ölümünü gizlədib ki, onun pensiyasını almaqda davam etsin.
Denmedia.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
93 yaşlı qadın – Holokostdan sağ çıxmış israilliyə – 2023-cü ildə vəfat edib. Qızı isə hakimiyyət orqanlarını məlumatlandırmaq əvəzinə, ailə üzvləri ilə birgə anasının cəsədini həyətlərində dərin quyuya basdırıb.
Qadın bir ildən çox müddətdə anasının ölüm faktını gizlədərək onun adına ayda 18 min şekel məbləğində pensiya və Almaniya büdcəsindən ödənişlər alıb.
“Onlar sadəcə bu barədə məlumat vermədilər və bir il yarım müddətində ortaq hesaba pul almaqda davam etdilər,” – deyə Qaliley bölgəsinin xüsusi cinayətlərə qarşı mübarizə şöbəsinin rəhbəri, baş inspektor Alon Reuveni bildirib.
Məlumata görə, cəsəd basdırılmadan əvvəl köhnə dondurucu içində saxlanılıb, təqsirləndirilənlər isə dəfn yerinə dair bir-birinə zidd ifadələr veriblər.
Qadının həyat yoldaşı da saxlanılıb, lakin polis onun cinayətdə rolunu aşkarladıqdan sonra kişi intihar edib.
Hazırda qız barəsində dələduzluq və ədliyyə orqanlarının fəaliyyətinə mane olma maddələri üzrə cinayət işi davam edir.