Monakoda hakim knyaz II Albertin qohumu, 29 yaşlı Antuan de Massinin meyiti parklardan birində tapılıb.
“Monaco Matin” qəzetinin məlumatına görə, hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Bildirilib ki, Antuan de Massi Monako knyazı III Renyenin böyük bacısı şahzadə Antuanettanın nəvəsidir.
Məlumata əsasən, oktyabrın 25-də Antuan de Massi ailəvi nahara gəlməyib. Bundan narahat olan qohumlarından biri polisə müraciət edib. Bir neçə saat sonra 29 yaşlı kişinin meyiti şəhərdəki parklardan birində aşkarlanıb.

İstintaqçılar müşahidə kameralarının görüntülərini araşdıraraq hadisə yerinin yaxınlığında olan bir şəxsin kimliyini müəyyənləşdiriblər. Hazırda həmin şəxslə bağlı istintaq hərəkətləri aparılır.
Antuan de Massinin ölüm səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.

