ABŞ hüquq-mühafizə orqanları aktyor Robert De Nironun nəvəsi Leonardonun doza artıqlığından ölümü ilə bağlı beş şübhəlinin saxlanıldığını açıqlayıb. DenMedia.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Saxlanılanlar saxta reseptlə satılan dərmanların dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvləri kimi müəyyən edilib. Bu preparatların tərkibində güclü sintetik opioid — fentanil olub.
Məhkəmənin qərarına əsasən, bu şəbəkənin yaydığı narkotik maddələr üç gəncin, o cümlədən 19 yaşlı Leonardo De Niro və “Blondie” qrupunun həmtəsisçisi Kris Steynin qızı Akiranın ölümünə səbəb olub.
Mətbuatda xatırladılıb ki, Leonardo De Niro ötən ilin iyulunda vəfat edib. Eyni dövrdə Kris Steyn də öz qızının doza artıqlığından öldüyünü açıqlamışdı.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                