Perm diyarında mikroavtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında həlak olanların ailələrinə 1 milyon rubl məbləğində kompensasiya ödəniləcək. Bu barədə regionun qubernatoru Dmitri Maxonin öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 12 yaralı var. Həkimlər yeddi nəfərin vəziyyətini ağır, beş nəfərin vəziyyətini isə orta-ağır kimi qiymətləndirir.
“Diyarın ehtiyat fondundan həlak olanların ailələrinə 1 milyon rubl məbləğində birdəfəlik maddi yardım göstəriləcək. Yaralılara da maddi dəstək verəcəyik”, — deyə Maxonin vurğulayıb.
Sərnişin mikroavtobusu və yük maşını 14 noyabr axşamı Perm–Şadeyka yolunda toqquşub. İlkin məlumata görə, mikroavtobusun sürücüsü əks zolağa çıxıb və orada hərəkət edən fura ilə toqquşma baş verib. Son məlumatlara görə, yeddi nəfər həlak olub, onlardan biri azyaşlıdır. Hadisə fonunda Rusiya İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərilməsi maddəsi üzrə cinayət işi başlayıb.

