Azərbaycan Dəmir Yollarında (ADY) yanacaq və yağın mənimsənilməsi faktı üzrə iki vəzifəli şəxs həbs edilib. Şirkətin yaydığı məlumata görə, pozuntular iki il əvvəl aparılmış daxili nəzarət tədbirləri zamanı aşkarlanıb.
Bildirilib ki, ləğv edilmiş Yanacaq-Enerji Resurslarının İdarəolunması Departamentinin İmişli təminat məntəqəsinin sabiq rəisi Eldəniz Sadıqov və magistral lokomotivlərin idarə olunması üzrə İmişli sahəsinin maşinist-instruktoru Famil Soltanov əvvəlcədən əlbir olaraq lokomotivlərin hərəkətinin təminatı üçün nəzərdə tutulmuş yanacaq və yağı mənimsəyiblər.
ADY-nin müraciəti əsasında cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İstintaqla müəyyən edilib ki, 2022–2023-cü illərdə təqsirləndirilən şəxslər marşrut vərəqələrinə saxta reyslər daxil edərək qanunsuz yolla yanacaq və yağ əldə edib, bununla da müəssisəyə xeyli maddi ziyan vurublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş üzrə hər iki şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

