Qvatemala prezidenti Bernardo Arevalo ölkədə cinayətkarlığın kəskin artması ilə əlaqədar bütün ölkə ərazisində 30 gün müddətinə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb. Bu barədə Qvatemala televiziya kanalları məlumat yayıb.
Dövlət başçısı xalqa müraciətində bildirib ki, fövqəladə vəziyyətin əsas məqsədi vətəndaşların qorunması və təhlükəsizliyinin təmin edilməsidir. Arevalonun sözlərinə görə, cinayətkar dəstələrə qarşı mübarizədə polis və ordunun bütün imkanlarından istifadə olunacaq.
Qvatemala prezidenti vurğulayıb ki, hakimiyyət kriminal strukturlarla heç bir güzəştə getmək niyyətində deyil və ölkədə hüquq qaydasının bərpası üçün sərt tədbirləri davam etdirəcək. O izah edib ki, zorakılıq dalğası hakimiyyətin həbsxanalar üzərində nəzarəti bərpa etmək cəhdlərinə cavab olaraq baş verib. Həmin müəssisələrdə daha əvvəl kütləvi iğtişaşlar və girov götürülməsi halları qeydə alınmışdı.
Arevalo əmin edib ki, fövqəladə vəziyyət vətəndaşların gündəlik həyatına, dövlət və özəl qurumların fəaliyyətinə, eləcə də əhalinin sərbəst hərəkətinə təsir göstərməyəcək.
Xatırladaq ki, 18 yanvar tarixində Qvatemalada üç həbsxanada eyni vaxtda baş verən iğtişaşlar zamanı 46 nəfər girov götürülmüşdü.

