Boliviya hökuməti yağışların səbəb olduğu daşqınlar nəticəsində son aylarda 50-dən çox insanın ölməsi səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
Den.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Luis Arse bildirib.
“Təbii fəlakətlər ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz dəymiş zərərlə mübarizəyə cəlb olunan bütün qurumların işini sürətləndirəcək müvafiq fərmanı dərc etdik”, – o, hökumət üzvlərinin iştirakı ilə keçirilmiş mətbuat konfransında söyləyib.
Arsenin sözlərinə görə, leysan yağışlarından 209 bələdiyyə zərər çəkib. “Bu il [təbiət hadisəsi nəticəsində] 818 ev dağıdılıb, biz onları bərpa edəcəyik. Bizdə 51 nəfərin ölməsi, 8 nəfərin itkin düşməsi barədə məlumat var”, – dövlət başçısı söyləyib.
Boliviyada yağış mövsümü 2024-cü ilin noyabrında başlayıb. Son həftə ərzində vəziyyət kəskinləşib. İqtidarın məlumatına görə, söhbət son 40 ildə ən güclü yağışlardan gedir.