Abşeron rayonu Xırdalan şəhərində sosial həssaslıq doğuran bir hadisə sakinlərin diqqətini çəkib. Şəhərin mərkəzi ərazilərindən birində yerləşən avtobus dayanacağı artıq bir müddətdir ki, yaşlı bir kişinin gecələdiyi məkana çevrilib.
Denmedia.az xəbər verir ki, Xırdalan şəhər Əvəz Şərifov 21 ünvanında avtobus dayanacağında orta yaşlı kişi günlərdir gecələyir.
Şahidlərin sözlərinə görə, adını və soyadını açıqlamaq istəməyən kişi burada özünə kiçik bir sığınacaq yaradıb. Tapdığı yorğan-döşəyi dayanacaqda yerləşdirərək gecələrini açıq havada keçirməyə məcbur qalır. Soyuq qış günlərində onun bu şəraitdə qalması ətrafdakı insanlarda dərin narahatlıq və mərhəmət hissi doğurur.
Sakinlər bildirirlər ki, kişinin heç bir yaxını yoxdur. O, suallara cavab verməkdən yayınır, həyat hekayəsini bölüşmək istəmir. Üzündəki ifadə isə sanki uzun illərin yorğunluğunu və küskünlüyünü əks etdirir. Dayanacaq artıq onun üçün sanki “evi”nə çevrilib.
Ətrafdakı bəzi vətəndaşlar ona isti çay və yemək gətirdiklərini desələr də, problemin köklü həlli üçün aidiyyəti qurumların məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayırlar. Xüsusilə qış mövsümündə küçə şəraitində qalmaq sağlamlıq üçün ciddi risklər yaradır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, xidmətin əməkdaşları sözügedən vətəndaşla bağlı məlumat daxil olan kimi dərhal əraziyə yollanıblar. Xırdalan şəhəri Əvəz Şəfiyev küçəsində yerləşən dayanacaqda məskunlaşan vətəndaşın qiymətləndirilməsi aparılıb və ona müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmək təklif olunub. Lakin o, bundan qəti şəkildə imtina edib.
Ətraflı XəzərXəbərin reportajında:
Nizami Rəsulov
Denmedia.az

