ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı telefon danışığının kəskin mübahisəyə çevrildiyi iddia olunur.
İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, iki lider həftəsonu baş tutan telefon danışığında İrana qarşı hərbi hücumların yenidən başlanması məsələsində bir-birlərinə bağırıblar.
Mənbələrdən biri söhbəti “cəhənnəmi xatırladan mübahisə” kimi təsvir edib.
İsrail Baş nazirinin Ofisi isə bu iddiaları təkzib edərək danışığın gərgin keçmədiyini bildirib.
Məlumata görə, Tramp administrasiyası İranla diplomatik razılaşmaya üstünlük verir. Netanyahu isə mövcud İran hakimiyyəti dövründə nüvə təhlükəsinin tam aradan qaldırılmasının mümkün olmadığını düşünür.
“Financial Times” qəzetinin məlumatına görə, Netanyahu hər gün Trampa zəng edərək İrana qarşı hərbi əməliyyatların bərpasında israr edir. Bu vəziyyət ərəb ölkələrinin liderləri arasında da narahatlıq yaradıb.
Tramp isə daha əvvəl verdiyi açıqlamada hazırkı mərhələdə İrana qarşı yeni hərbi əməliyyata ehtiyac görmədiyini bildirib.

