Rusiyalı keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluq ittihamı üzrə özünü təqsirli bilməyib.
“İzvestiya” nəşrinin məlumatına görə, Moskva məhkəməsi Elvin Paşayevin həbs müddətini daha 6 ay uzadıb. Müdafiə tərəfinin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Paşayevin vəkilləri bildiriblər ki, ilkin mərhələdə bir neçə cinayət işi, o cümlədən Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə iş birləşdirilib. Lakin sonradan həmin iş ayrıca icraata ayrılıb və hazırkı məhkəmə prosesində baxılmır.
Xatırladaq ki, Elvin Paşayev iyunun 15-də həbs edilib. İstintaqın versiyasına görə, o, mənzillə bağlı qanunsuz sövdələşmədə iştirak edib.
Cinayət işi çərçivəsində ümumilikdə 8 nəfər həbs olunub. Qanunsuz sövdələşmədə iştirak təşəbbüsünün Elvin Paşayevin atasından gəldiyi ehtimal edilir.
Keçmiş vəkil Elman Paşayevin özü də xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
İstintaqın məlumatına görə, o, 2024-cü ilin fevralında bloqer Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində xanımını cinayət məsuliyyətindən azad etdirə biləcəyinə inandırıb.

