Türkiyənin Antalya sahillərində insan üçün təhlükəli Rhopilema nomadica növünə aid meduzalar yayılıb.
Bu barədə IHA agentliyinə Akdeniz Universitetinin elmi əməkdaşı Mehmet Gökoğlu məlumat verib.
Onun sözlərinə görə, uzun müddət davam edən güclü küləklər nəticəsində dəniz axınları çoxlu sayda meduzanı Antalya körfəzinə gətirib. Bu vəziyyətin ən azı may ayının əvvəlinə qədər davam edəcəyi gözlənilir.
Bildirilir ki, Rhopilema nomadica növünə aid meduzaların çəkisi 10 kiloqrama, tentakullarının uzunluğu isə 1,5 metrə çata bilər.
“İyun ayında dəniz suyunun temperaturu artacaq və meduzalar yox olacaq, beləliklə təhlükə də aradan qalxacaq. Lakin aprel və may aylarında dənizdə çimənlər bu meduzalarla təmasdan ehtiyatlı olmalıdırlar”, — deyə Mehmet Gökoğlu bildirib.
Ekspert əlavə edib ki, meduza ilə təmas baş verdikdə həmin yer ammiak, isti su ilə təmizlənməli və antihistamin krem istifadə olunmalıdır.

