Çilinin Elki əyalətinin Kokimbo şəhərində nəhəng tikinti kranı yaşayış evlərinin üzərinə aşıb.
Hadisənin görüntülərini Need To Know yayıb.
Qəza iyulun 16-da yaşayış kompleksinin tikinti meydançasında baş verib. Şahid tərəfindən çəkilən videoda güclü qasırğa zamanı kranın küçə istiqamətində əyildiyi görünür. Kranın dayağı tikilməkdə olan binaya ilişib, qolu isə fərdi yaşayış evlərinin üzərinə düşüb.
Hadisə nəticəsində dağılan evlərdən birində yaşayan 13 yaşlı qız xəsarət alıb. Məktəblinin ayağından yüngül xəsarət aldığı və şok vəziyyətində tapıldığı bildirilib.
Kokimbo şəhərinin meri bildirib ki, şəhər tarixində bu qədər güclü qasırğa qeydə alınmayıb.
Mer tikinti şirkətinin bütün zəruri təhlükəsizlik tədbirlərini görüb-görmədiyinin müəyyənləşdirilməsi üçün araşdırma başladıldığını açıqlayıb.
Onun sözlərinə görə, şəhər sakinlərinə yaxınlaşan təbii fəlakətlə bağlı bir neçə gün əvvəl xəbərdarlıq edilmişdi.

