Şaurma həddindən artıq mayonez, pendir və emal olunmuş ət məhsulları ilə hazırlandıqda sağlamlığa zərər verə bilər. Lakin düzgün tərkibli şaurmanın arabir yeyilməsi balanslı qidalanmaya mane olmur.
Bu barədə Moskva vilayətinin Krasnoqorsk xəstəxanasının “Otradnoye” ambulatoriyasının həkim-qastroenteroloqu Yuliya Slasten NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, şaurma çox vaxt xolesterin və yağlarla zəngin, orqanizm üçün son dərəcə zərərli qida kimi qəbul edilir. Halbuki məhsulun tərkib hissələri ayrı-ayrılıqda qiymətləndirildikdə onun daha balanslı qida ola biləcəyi görünür.
“Şaurma çox vaxt xolesterin və yağlarla zəngin, orqanizmə mütləq zərər verən məhsul hesab olunur. Əslində isə onun tərkibinə nəzər saldıqda daha balanslı qida olduğu görünür. Sağlam insan üçün standart porsiya təhlükəli miqdarda xolesterin mənbəyi deyil. Əsas risk çoxlu mayonez, pendir və ya emal olunmuş ətlə hazırlanan yağlı şaurmanın müntəzəm qəbulundan yaranır”, – deyə həkim izah edib.
Mütəxəssis bildirib ki, şaurmanın hazırlanmasında tez-tez istifadə edilən toyuq döş əti zülalla zəngindir və qırmızı ətlə müqayisədə daha az doymuş yağ ehtiva edir.

Bununla yanaşı, yeməyin tərkibindəki təzə tərəvəzlər orqanizmi qida lifləri, vitaminlər və antioksidantlarla təmin edir.
Həkim vurğulayıb ki, hər hansı qidanın zərərli olub-olmadığını müəyyənləşdirərkən yalnız həmin məhsulu deyil, insanın ümumi qidalanma rejimini və fərdi sağlamlıq xüsusiyyətlərini də nəzərə almaq lazımdır.
“Az miqdarda sous və kifayət qədər qida lifi ilə hazırlanan şaurmanın arabir yeyilməsi balanslı qidalanmanı pozmur və tamamilə təhlükəsiz seçim ola bilər”, – deyə Yuliya Slasten qeyd edib.

