ABŞ-nin tanınmış diplomatı, politoloqu, jurnalisti və ölkənin 42-ci prezidenti Bill Klintonun Rusiya məsələləri üzrə müşaviri Strob Telbott noyabrın 26-da 80 yaşında vəfat edib.
Denmedia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, diplomatın ölümünü həyat yoldaşı Barbara Lazear Aşer təsdiqləyib.
Strob Telbott 1994–2001-ci illərdə ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb və Bill Klintonun Rusiya məsələləri üzrə əsas müşaviri olub.

O, ABŞ ilə Rusiyanın o zamankı prezidenti Boris Yeltsin arasında dialoqun qurulmasında mühüm rol oynayıb, iki ölkə liderinin iştirak etdiyi sammitlərdə təmsil olunub və NATO-nun genişlənməsi siyasətini ardıcıl şəkildə dəstəkləyib.
Telbott diplomatik fəaliyyətindən əvvəl 21 il “Time” jurnalında çalışıb. 2002–2017-ci illərdə isə ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən biri olan Brukinqs İnstitutuna rəhbərlik edib.
Diplomat uzun sürən xəstəlikdən sonra Nyu-York ştatındakı evində dünyasını dəyişib.

