İran Yaxın Şərqdə ABŞ silahlı qüvvələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” sistemindən istifadə edib.
Denmedia.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə qəzetə məlumat verən mənbələr bildiriblər.
Onların sözlərinə görə, milyarder İlon Mask münaqişənin başlamasından qısa müddət sonra, martın ilk həftəsində bundan xəbər tutaraq qəzəblənib.
Həmin vaxt Mask ABŞ hərbçilərinin də “Starlink” sisteminin hərbi versiyası olan “Starshield” xidmətindən təyinatına uyğun istifadə etmədiklərini öyrənib.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ hərbçiləri zərbə dronlarının idarə olunması və hədəfə yönləndirilməsi üçün hava əməliyyatlarına nəzərdə tutulan tarifdən beş dəfə ucuz olan quru qoşunları tarifindən istifadə ediblər.
Son bir il ərzində Mask minlərlə aşağı orbitli peyk vasitəsilə mobil internet bağlantısı təmin edən “Starlink” cihazlarından icazəsiz istifadənin qarşısını almaq üçün bir sıra tədbirlər görüb.
Hazırda “Starlink” əvvəlcədən yoxlamadan keçmiş yüzlərlə səlahiyyətli satış tərəfdaşının iştirak etdiyi qlobal proqram sayəsində 160-dan çox ölkədə əlçatandır.
Nəşrə danışan ekspertlər isə İranda “Starlink” xidmətinin dayandırılmasının mənfi nəticələr doğura biləcəyini bildiriblər. Belə ki, bu addım iranlı dissidentlərin həm ölkə daxilində, həm də xaricdə əlaqə imkanlarını məhdudlaşdıra bilər.

