Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ildə təsis etdiyi sülh mükafatını ləğv edə bilər.
Denmedia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, təşkilatın iki yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, qərarın yenidən nəzərdən keçirilməsinin əsas səbəbi mükafatın siyasi xarakter daşıması ilə bağlı narahatlıqlardır.
Söhbət FIFA prezidenti Canni İnfantinonun mükafatın indiyədək yeganə laureatı olan ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərindən gedir. Bundan başqa, gələcəkdə bu mükafatın kimə təqdim ediləcəyi də müzakirə mövzusudur.
Sülh mükafatı ilk dəfə 2025-ci ilin dekabrında Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində Donald Trampa təqdim edilib.
FIFA mükafatın futbolun humanitar missiyasını ön plana çıxarmaq məqsədilə təsis edildiyini bildirsə də, Trampın laureat seçilməsi tənqidlərə səbəb olub. Hüquq müdafiəçiləri və futbol ictimaiyyətinin nümayəndələri seçim prosesinin şəffaf olmamasına və siyasi məqamlarına diqqət çəkiblər.
Hazırda FIFA Şurası müvafiq komitəyə mükafatın gələcəkdə saxlanılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Yekun qərarın dekabrın 15-də Qətərdə keçirilməsi gözlənilən FIFA Şurasının növbəti iclasında qəbul ediləcəyi bildirilir.

