Türkiyənin məşhur aktrisası Hande Ataizi illərdir qoruduğu bədən formasının arxasında dayanan qidalanma və idman vərdişlərindən danışıb.
Denmedia.az haberler.com-a istinadən xəbər verir ki, 53 yaşlı aktrisa 15 yaşından etibarən müntəzəm idmanla məşğul olduğunu bildirib.
Hərəkətli həyat tərzini yalnız idman zalı ilə məhdudlaşdırmayan Ataizi liftdən istifadə etmək əvəzinə pilləkənlə qalxmağa üstünlük verdiyini, tez-tez metroya mindiyini və hətta telefonla danışarkən ayaqüstə qalmağa çalışdığını deyib.
Sevdiyi yeməklərdən imtina etmir

Sərt pəhrizlərin tərəfdarı olmadığını bildirən aktrisa maddələr mübadiləsinin sürətli olduğunu və qidalanarkən porsiyaların ölçüsünə diqqət yetirdiyini vurğulayıb.
“Pizza, makaron yeyə bilməyəcəmsə, ürəyim istəyən şirniyyatdan dadmayacağamsa, belə həyatı neyləyirəm?” – deyə aktrisa bildirib.
Şirniyyata olan sevgisini gizlətməyən Ataizi bir neçə gün əvvəl Kamalpaşa şirniyyatını halva ilə qarışdıraraq yediyini də etiraf edib.
Səhər yeməyində nələr yeyir?
İdman edəcəyi günlərdə qidalı səhər yeməyinə üstünlük verən aktrisanın süfrəsində yumurta, qranola, tahin, bəkməz, qoz, kətan toxumu və avokado yer alır.
Vaxtı az olduqda isə banan, qoz və bəkməzlə qarışdırılmış tahin yeyir. Karbohidratlardan imtina etməyən Ataizi intensiv ayaq məşqləri etdiyi günlərdə toyuq və qırmızı ətlə yanaşı, düyü də istehlak edir.

Həftədə dörd gün güc məşqləri edir
Aktrisa həftənin iki günü bədəninin aşağı, iki günü isə yuxarı hissəsi üçün ağırlıq məşqləri etdiyini bildirib. Kardio məşqlərinə 15–20 dəqiqə ayıran Ataizi velotrenajorda məşq etməyə, açıq havada qaçmağa və parkda sürətli yerişə üstünlük verir.
Hande Ataizi zaman-zaman protein tozu, müntəzəm olaraq isə maqnezium, omeqa-3, kollagen və D vitamini əlavələri qəbul etdiyini də bildirib. Bununla belə, qida əlavələrinin istifadəsi hər bir insanın fərdi ehtiyaclarına uyğun müəyyən edilməlidir.

