Uqandada Ebola virusunun Bundibuqio ştamına qarşı hazırlanmış mRNT peyvəndinin klinik sınaqlarına başlanılıb.
Denmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, tədqiqat Uqanda Virusologiya İnstitutu (UVRI) və peyvəndin istehsalı ilə məşğul olan ABŞ-nin “Moderna” əczaçılıq şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
“Moderna” avqust ayında Kanadada yetkin insanlar üzərində peyvəndin ilk klinik sınaqlarına başlamışdı.
Uqandada keçirilən sınaqlar zamanı ilk dəfə peyvəndin bir yaşdan yuxarı uşaqlarda təhlükəsizliyi və immun cavab yaratmaq qabiliyyəti yoxlanılacaq. Tədqiqatda ümumilikdə 224 könüllü iştirak edəcək.
mRNT peyvəndlərinin əsas xüsusiyyəti immun sistemini infeksiyalara və ya şişlərə qarşı mübarizəyə hazırlamaqdır. Peyvənd orqanizmə yeridildikdən sonra hüceyrələr müvafiq antigen zülalını istehsal edir və bunun nəticəsində immun cavab formalaşır.

