Ukraynanın bəzi “Telegram” kanallarında İranın yaxın iki sutka ərzində Ukraynaya üç ballistik raketlə zərbə endirə biləcəyi barədə məlumat yayılıb. Bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bundan əvvəl Tehran Xəzər dənizində İranın ticarət gəmisinə endirilən və bir dənizçinin ölümü ilə nəticələnən zərbədən sonra Kiyevi cavab tədbirləri ilə hədələmişdi.
“Defense Express”in qiymətləndirməsinə görə, İranın arsenalında Ukrayna ərazisinə çata biləcək bir neçə növ ballistik raket var. Bunlara təxminən 2 min kilometr uçuş məsafəsinə malik “Ghadr”, “Emad” və “Sejjil”, eləcə də mənzili 4 min kilometrədək çata bilən “Khorramshahr” raketi daxildir.
Nəşr bildirir ki, belə raketlərin vurulmasında ən effektiv sistemlər THAAD və “Arrow” raketdən müdafiə kompleksləridir, lakin onlar Ukraynanın silahlanmasında yoxdur. “Patriot” sistemlərinin bu tip hədəflərə qarşı imkanlarının isə məhdud olduğu qeyd edilir.
Ekspertlərin fikrincə, İsrailə endirilən zərbələrdən, həmçinin İranın buraxılış qurğuları, anbarları və istehsal obyektlərinə hücumlardan sonra Tehranın orta mənzilli raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb.

