Azərbaycan bir sıra xarici ölkələrdən heyvan və quş ətinin idxalına tətbiq edilən qadağanı ləğv edib.
DenMedia.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qərar qadağanın tətbiq olunduğu regionlarda epizootik vəziyyətin stabilləşməsi ilə bağlı qəbul edilib.
Məlumata görə, Monqolustanın Suxe-Bator və Dornod aimaklarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və nodulyar dermatit aradan qaldırılıb. Fələstində (Tubas və Xevron vilayətləri), eləcə də Çinin Quanqsi-Çjuan muxtar bölgəsində dabaq xəstəliyinin yayılması dayandırılıb. Slovakiyanın Nitra regionunda isə yüksək patogenli quş qripi ocağı ləğv edilib.
Agentlik bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, gözləmə müddəti başa çatdıqdan sonra həmin ərazilərdə epizootik status bərpa olunub.
Qeyd olunub ki, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsi də məlumatlandırılıb.

