Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Denmedia.az xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun valideynləri boşanıblar və azyaşlı anası ilə yaşayıb.
“Uşağın 9 yaşlı bacısı mənim qardaşımla yaşayır. Anası işlədiyi üçün oğlunu ayda 250 manat ödədiyi dayəyə etibar etmişdi. Dayə bizim uşaqdan başqa daha dörd uşağa baxırdı”, – deyə o bildirib.
Teymur Əliyevin sözlərinə görə, hadisədən bir həftə əvvəl də uşağın üzündə xəsarət izləri yaranıb. Dayə anasına foto göndərərək uşağın yıxıldığını deyib.
“Dünən morqda gördüm ki, üzündəki izlər qaralıb, demək olar, qapqara olmuşdu. Hadisədən bir gün əvvəl uşaq yenidən yıxılaraq başından zədə alıb. Nəticədə beyinə qan sızması baş verib”, – deyə dayısı bildirib.
Onun sözlərinə görə, hadisədən sonra uşağı xəstəxanaya dayənin qayınanası aparıb.
Teymur Əliyev həmçinin bildirib ki, dayə və ailə üzvləri kirayədə yaşadıqları evi tərk ediblər. Hazırda hüquq-mühafizə orqanları onların axtarışını aparır.

