Daha gənc və müasir görünmək üçün gənclərin geyim tərzini təkrarlamaq vacib deyil. Əksinə, dəb arxasınca kor-koranə qaçmaq bəzən istənilən nəticənin tam əksini verə bilər.
Etiket və şüurlu üslub üzrə ekspert Oksana Panfilova “Radio 1”ə açıqlamasında bildirib ki, gənc görünməyin əsas sirri baxımlı olmaq, ölçü hissini qorumaq və özünəinamdır.
“Əsl gənclik 20 yaşında görünməyə çalışmaq deyil. Bu, enerji, baxımlılıq, ölçü hissi və özünəinamdır. Qadın sosial şəbəkələrdəki gənc qızların qarderobunu təkrarlayanda deyil, dəb tendensiyaları arasından öz fərdiliyini vurğulayanları seçəndə müasir görünür”, – deyə ekspert bildirib.

Panfilovanın sözlərinə görə, bəzən düzgün seçilmiş bir detal görünüşə gəncləşmək üçün edilən çoxsaylı cəhdlərdən daha müsbət təsir göstərə bilər.
Ekspert geyimdə həddindən artıq uşaqsayağı üslubdan və çoxlu diqqətçəkən detallardan uzaq durmağı tövsiyə edib.
O, hündürdaban ayaqqabılarla bağlı da xəbərdarlıq edib. Panfilovanın fikrincə, rahat yeriyə bilməyən qadının hündürdaban ayaqqabı geyinməsi ümumi görünüşü korlaya bilər.
Mütəxəssis vurğulayıb ki, əsas məsələ yaşından kiçik görünməyə çalışmaq deyil, yaşından asılı olmayaraq zövqlü və baxımlı görünməyi bacarmaqdır.

