ABŞ-da 79 yaşlı Larri Din Braun 45 il əvvəl Beverli Brunonun öldürülməsi ilə bağlı həbs edilib.
Bu barədə CBS News məlumat yayıb.
Hadisə 1981-ci ilin fevralında baş verib. 35 yaşlı Beverli öz mənzilində boynunda elektrik naqili və otaqda mübarizə izləri ilə ölü tapılıb.
Qadının sevgilisinin hadisə vaxtı işdə olduğu müəyyənləşdirilib. Şübhələr Beverlinin ən yaxın rəfiqəsi Telmanın həyat yoldaşı Larri Braunun üzərində cəmləşib. Onun barmağında təzə yara aşkarlansa da, həmin dövrdə həbs üçün kifayət qədər birbaşa sübut olmayıb.
Polis 2025-ci ildə 44 illik işi yenidən araşdırmağa başlayıb. Məlum olub ki, Beverli və Telma əvvəllər Dallasda birlikdə ev alaraq ipoteka öhdəliyi götürüblər.
Telma evləndikdən sonra onunla Larri Beverliyə təzyiq göstərərək ipoteka borcundan azad olunmağa çalışıblar. Beverli isə bunu dəfələrlə rədd edib. İddiaya görə, hadisədən bir neçə gün əvvəl Larri qadınla bu məsələ üstündə yenidən mübahisə edib.
2026-cı ildə polis Larrinin evini nəzarətə götürüb və onun zibil qutusundan qazlı içki və barbekü sousu qabları götürüb.
Həmin qablardan əldə edilən DNT nümunələrinin Beverlinin geyimindəki qan izləri ilə uyğun gəldiyi bildirilib. Bundan sonra Larri Braun saxlanılaraq qətldə ittiham olunub.

