ABŞ-ın Kaliforniya ştatında 1981-ci ildə tapılan insan qalıqlarının kimə məxsus olduğu müəyyən edilib.
Bu barədə People yazıb.
Araşdırma nəticəsində qalıqların 1981-ci ildə itkin düşən milyonçu Telma Qastona aid olduğu məlum olub.
Təxminən 45 il əvvəl odun toplayan şəxs dağlıq ərazidə dayaz məzarda güclü çürümüş qadın qalıqları tapmışdı. Həmin vaxt sümüklərin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdı.
Yalnız onilliklər sonra hakimiyyət məzarda Qastonun qalıqlarının olduğunu müəyyən edib. Qadın qalıqlar tapılmazdan bir neçə ay əvvəl evindən yoxa çıxmışdı.
O dövrdə Qastonun 39 yaşlı xalça satıcısı Lourens Remsen ilə münasibəti olduğu bildirilir. Qadın itkin düşdükdən sonra Remsen onun işlərini idarə etmək üçün etibarnamə və Qastonun guya “əylənmək üçün getdiyini” yazdığı məktub təqdim edib.
İstintaq sənədlərin saxta olduğunu müəyyən edib. Məlumata görə, Remsen Qastonun hesablarından təxminən 100 min dollar çıxarmağa və onun bir neçə daşınmaz əmlakını satmağa çalışıb.
O, Meksikadan ABŞ-a qayıtmaq istəyərkən həbs edilib.
Məhkəmədə Remsen Qastonun qalıqlarını tapdığını və onları okeana atdığını iddia edib. Buna baxmayaraq, o, milyonçunun qətlində təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.

