Fıstıq həm dadlı qəlyanaltı, həm də faydalı qida mənbəyi hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, onun faydasından yararlanmaq üçün miqdara diqqət etmək vacibdir.
Gündəlik norma adətən 25-30 qram, yəni təxminən bir ovuc fıstıq hesab olunur. Bu miqdar orqanizmi faydalı yağlar, bitki mənşəli protein, lif, vitamin və minerallarla təmin edə bilər. 1 unsiya, yəni təxminən 28 qram fıstıq 49 ədəd fıstığa bərabərdir və bu porsiyada əsasən doymamış yağlar üstünlük təşkil edir.
Fıstıq lif, protein, B6 vitamini, kalium, maqnezium və antioksidantlarla zəngindir. Bu tərkib onu ürək-damar sağlamlığı, toxluq hissi və maddələr mübadiləsi baxımından faydalı qidalardan birinə çevirir. Araşdırmalarda fıstığın sağlam yağlar, lif və antioksidant birləşmələr ehtiva etdiyi qeyd olunur.

Mütəxəssislərə görə, fıstıq ürək sağlamlığı üçün də faydalı ola bilər. Harvardın qidalanma mənbəyində qeyd olunur ki, qoz-fındıq məhsullarını müntəzəm qəbul edən insanlarda ürək-damar xəstəlikləri riskinin daha aşağı olması müşahidə edilib.
Fıstığın digər üstünlüyü toxluq hissini artırmasıdır. Tərkibindəki protein və lif sayəsində uzun müddət acmamağa kömək edə bilər. Amma kalori dəyəri yüksək olduğu üçün onu “nə qədər çox yesəm, bir o qədər faydalıdır” prinsipi ilə qəbul etmək düzgün deyil.
Duzlu fıstıq isə ayrıca diqqət tələb edir. Çox duzlu fıstıq təzyiq problemi olan insanlar üçün uyğun olmaya bilər. Buna görə ən yaxşı seçim duzsuz və ya az duzlu fıstıqdır.

Fıstığa allergiyası olanlar isə bu məhsuldan uzaq durmalıdır. Həmçinin artıq çəki, yüksək təzyiq və ya xroniki xəstəliyi olan şəxslər gündəlik miqdarı həkim və ya dietoloqla dəqiqləşdirsələr daha yaxşı olar.

