Əfqanıstanda qızların nikaha daxil olması ilə bağlı yeni mübahisə yaranıb.
The Times nəşri “Ər-arvadın ayrılması prinsipləri” adlı sənədə istinadən yazır ki, ölkə hakimiyyəti qızlar üçün sabit minimum nikah yaşını faktiki olaraq aradan qaldırıb.
Nəşrin məlumatına görə, sənəddə nikaha daxil olma hüququ konkret yaş həddi ilə deyil, fiziki yetkinlik dövrünün başlaması ilə əlaqələndirilir.
The Times qeyd edir ki, qızlarda bu dövr fərqli yaşlarda başlaya bilər. Nəşr həmçinin yazır ki, sünni İslam hüququnun ən böyük və ən qədim məktəblərindən birinə görə, yetkinlik üçün minimum yaş 9 yaş hesab olunur.
Qeyd edək ki, Taliban hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstanda 1977-ci il qanununa əsasən, qızlar üçün minimum nikah yaşı 16, oğlanlar üçün isə 18 yaş idi. Bununla yanaşı, 16 yaşdan kiçik qızların nikaha daxil olması ata və ya hakimin icazəsi ilə mümkün sayılırdı.
Lakin 2009-cu ildə qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı qəbul edilmiş qanun 15 yaşdan kiçik qızlarla nikahı cinayət hesab edirdi.
Mövzu ilə bağlı daha əvvəl Əfqanıstan rəsmiləri bəzi KİV-lərdə yayılan xəbərləri təkzib etmiş və qızların razılığı olmadan ərə verilməsinin qadağan olunduğunu bildirmişdilər.

