Konqo Demokratik Respublikasının şərqində yerləşən Rvamparе şəhərinin sakinləri Ebola xəstələri üçün nəzərdə tutulan mobil hospitala hücum edərək onu yandırıblar.
Bu barədə Associated Press məlumat yayıb.
Hadisə İturi vilayətində baş verib. Bildirilir ki, sakinlərin narazılığına səbəb tibb işçilərinin Eboladan ölən kişinin meyitini ailəsinə təhvil verməkdən imtina etməsi olub.
Sanitar təhlükəsizlik qaydalarına görə, Eboladan ölən şəxslərin cəsədləri hələ də yüksək yoluxdurucu hesab olunur. Buna görə də belə hallarda ciddi məhdudiyyətlər tətbiq edilir. Lakin bu qaydalar yerli ənənəvi dəfn mərasimləri ilə ziddiyyət yaradıb.
Narazılıq qısa müddətdə kütləvi etirazlara və iğtişaşlara çevrilib. Sakinlər mobil hospitala hücum edərək binanı yandırıblar.
Vəziyyəti daha da gərginləşdirən səbəblərdən biri də əhalinin ölkənin səhiyyə sisteminin zəifliyindən narazı olmasıdır.

