İyunun ən gözlənilən və diqqətçəkən astronomik hadisəsi Venera və Yupiterin yaxınlaşması olacaq.
Daha sonra bu səma mənzərəsinə Merkuri və Ay da qoşulacaq.
Bu barədə RİA Novostiyə Tsiolkovski adına Dövlət Kosmonavtika Tarixi Muzeyinin elmi əməkdaşı Aleksandr Alekseyev bildirib.
Astronomun sözlərinə görə, səma cisimləri qərb üfüqündə yaxşı görünəcək.
“Günəşdən tədricən uzaqlaşan Venera iyunun 9-da Yupiterdən 1,5 dərəcə məsafədə olacaq. Hər iki səma cismi Günəş batdıqdan bir müddət sonra qərb üfüqündə yaxşı görünəcək”, deyə Alekseyev qeyd edib.
İyunun 15-də bu cütlüyə Merkuri də qoşulacaq. Həmin vaxt Merkuri şərq elongasiyasında, yəni Günəşdən maksimum görünən uzaqlıqda olacaq.
İyunun 17-də isə mənzərəni Ay tamamlayacaq. Ay Venera və Yupiterin arasında yerləşəcək.
Mütəxəssisin sözlərinə görə, Merkuri istisna olmaqla, bu obyektlərin hamısını adi gözlə görmək mümkün olacaq. Həvəskar teleskop və ya durbin olduqda isə səma hadisəsini daha detallı müşahidə etmək olar.

