Bu gün Azərbaycan tarixinin daha bir şanlı səhifəsi yazıldı. İllərlə nisgillə baxdığımız,qəlbimizdə yara kimi daşıdığımız Xankəndi şəhəri artıq yalnız xəritə üzərində yox, gerçəkliyin içində- müstəqil Azərbaycanın tərkibində, bayrağımızın kölgəsində , beynəlxalq siyasi həyatın mərkəzindədir.
2025 - ci ilin 4 iyul tarixində Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Sammiti təkcə diplomatik bir hadisə deyil ,- bu Azərbaycanın siyasi iradəsinin, beynəlxalq nüfuzunun, dövlət suverenliyinin parlaq təcəssümüdür.
Mən bir şəhid anası ,oğlunu bu torpaq uğrunda şəhid vermiş bir ana kimi bu mənzərə qarşısında həm kövrəlir ,həm də qürur duyuram. Can atıb ,amma çata bilmədiyi ,uğrunda canını verdiyi , son baxışını zillədiyi Xankəndi bu gün ən əziz insanları qəbul edir. Bəli bu torpaqlarda , Xankəndinə gedən yollarda oğlum Elçinin və onunla birgə şəhid olan qardaşlarının qanı var .Amma bu gün onların qanı tökülmüş torpaqlarımızda arzularımız çiçək açır. Bu gün Xankəndində keçirilən sammit onun ruhunun dincliyi , mənim isə qürurumdur.
Fəxrlə deyirəm ki , dövlətimiz bu möhtəşəmliyə layiqdir.
Azərbaycan dövləti dünyaya sübut edir ki , biz azad etdiyimiz torpaqları- inkişafa , sülhə və əməkdaşlığa açıq bir məkana çevirməyi də bacarırıq.
Dövlət başçımızın qətiyyəti,ordumuzun rəşadəti və xalqımızın birliyi bu nəticəni mümkün etdi. Bu gün Xankəndidə dost ölkələrin liderləri, qardaş xalqların nümayəndələri Azərbaycanın möhkəm iradəsi ilə fəxr edir.
Bu sammit təkcə beynəlxalq əməkdaşlığın deyil,milli əzmin ,şəhid qanı ilə qazanılmış zəfərin diplomatik təsdiqidir.
Xatirə İsmayılova
Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid anası...