Şəhid Elçin Həsənli – Zəfərə aparan yolun mübarək...
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı zəfər tariximizə qəhrəmanlıq dastanı kimi yazıldı. Bu dastanın hər misrasında igidlərin – ömürlərini vətən yolunda fəda edən şəhidlərin adları yaşayır. Onlardan biri də şəhid Elçin Həsənlidir – həm savadlı mühəndis, həm vətənpərvər bir gənc, həm də son nəfəsinə qədər torpaq uğrunda döyüşən igid.
Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. Kiçik yaşlarından elmə, təhsilə marağı ilə seçilən Elçin, 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Təhsil həyatını uğurla davam etdirən Elçin 2010-cu ildə Nəsimi rayonundakı A. Abdullayev adına 211 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub, Elektrotexnika və Energetika fakültəsində bakalavr təhsilini başa vurduqdan sonra magistratura səviyyəsində də təhsilini davam etdirib. 2017-ci ildə Elektrik mühəndisliyi ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub.
Əldə etdiyi elmi biliklərlə kifayətlənməyən Elçin Həsənli eyni zamanda beynəlxalq təcrübə qazanmaq niyyətində olub. 2017-ci ildə İtaliyanın Roma şəhərində yerləşən UNINETTUNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib və sertifikatla təltif olunub.
Elçin həm mühəndis, həm vətən sevdalısı idi...
Peşəkar kadr kimi fəaliyyətə başlayan Elçin Həsənli 2018-ci ildə “Şirvan ASC”-də mühəndis vəzifəsində çalışıb. Daha sonra Sabirabad ASAN Xidmət mərkəzində vətəndaşlara xidmət sahəsində çalışmağa başlayıb. Elmi araşdırma yönümünü də unutmayan Elçin, 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantura təhsilini davam etdirirdi.
Təvazökar, savadlı və çalışqan biri kimi onu tanıyanlar, Elçinin işinə olan məsuliyyətini və vətəninə olan sevgisini hər zaman nümunə göstərirdilər. Subay olan Elçin, öz həyatını elmə və Vətəninə həsr etmişdi.
Əbədi qəhrəmanlıq yolunu seçdi Elçin...
2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdi. Vətənə borcunu sıravi bir vətəndaş kimi deyil, məsuliyyətli və şərəfli bir vətəndaş kimi yerinə yetirmişdi. Və elə həmin borc hissi onu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü döyüşə qoşulmağa sövq etdi.
Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Elçin Həsənli döyüş yoldaşlarının yaddaşında igid, qorxmaz və nümunəvi bir əsgər kimi qalıb. 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olub. Onun cənazəsi Xırdalan şəhərində torpağa tapşırılıb.
Elçin Həsənlinin göstərdiyi igidlik və fədakarlıq dövlət səviyyəsində də yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Elçin Həsənli ölümündən sonra aşağıdakı medallarla təltif olunub:
"Vətən uğrunda" medalı (15 dekabr 2020) – Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə;
"Cəsur döyüşçü" medalı (18 dekabr 2020) – düşmənlə döyüşlərdə fərqləndiyinə və hərbi hissə qarşısında qoyulan tapşırıqları uğurla yerinə yetirdiyinə görə;
"Şuşanın azad olunmasına görə" medalı (29 dekabr 2020) – ölkənin mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsində göstərdiyi şəxsi igidliyə görə.
Əbədiyaşar ad və iz buraxdı qəhrəman şəhidimiz...
Elçin Həsənli bir vətən övladı kimi yaşadı və Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Onun həyat yolu minlərlə gənc üçün bir nümunəyə çevrilib. O, yalnız bir ailənin, bir şəhərin yox, bütün Azərbaycanın qürurudur. Bugün onun adı Şuşanın azadlığında, Füzulinin, Qubadlının torpaqlarında, bayrağımızın dalğalandığı hər qarış torpaqda yaşayır.
Elçin Həsənli – vətəninə təkcə xidmət etmədi, onu canı ilə qorudu. Onun xatirəsi daim yaşayacaq. Qəhrəmanlar ölməz – Elçin Həsənli kimi oğullar isə millətin ruhunda əbədiyaşar olur.
Nizami Rəsulov