Nazirlər Kabineti “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nı təsdiqləyib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Denmedia.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” “Aviasiya haqqında” qanunun 17.1-ci maddəsinə əsasən yaradılıb. Komissiyanın məqsədi aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasını əlaqələndirmək, həyata keçirmək və təkmilləşdirməkdir.
Komissiya fəaliyyətində Konstitusiyanı, beynəlxalq müqavilələri, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il Konvensiyanı və onun 13 nömrəli Əlavəsini, eləcə də ölkə qanunlarını, Prezident fərmanlarını və Nazirlər Kabinetinin qərarlarını rəhbər tutur.
Daimi komissiya dövlət və yerli orqanlarla, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Qərarlarının icrası komissiyada nümayəndəsi olan dövlət qurumları tərəfindən təmin edilir.
Komissiyanın sədri Baş nazir, sədr müavini isə rəqəmsal inkişaf və nəqliyyat naziridir. Üzvləri arasında Baş prokuror, daxili işlər, fövqəladə hallar, xarici işlər, müdafiə və səhiyyə nazirləri, Dövlət Gömrük Komitəsi, Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərləri yer alır.
Qərarla həmçinin “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası” təsdiqlənib.