ABŞ-də “Ozempic” və ona bənzər dərman preparatlarının istehsalçılarına qarşı 4 mindən çox məhkəmə iddiası qaldırılıb.
TASS agentliyinin məlumatına görə, buna səbəb preparatlardan istifadə edən şəxslərin sağlamlıqlarına zərər dəyməsi və ciddi əlavə təsirlərlə üzləşmələri barədə şikayətləridir.
Məhkəmə sənədlərinə əsasən, iddiaların böyük əksəriyyəti sağlamlığa vurulduğu bildirilən zərərlə bağlıdır. Şikayətçilər, xüsusilə, mədə-bağırsaq sisteminin fəaliyyətində pozuntulardan, o cümlədən qastroparezdən – mədənin boşalmasının ləngiməsindən şikayət edirlər.
Sənədlərdə qeyd olunur ki, məhkəmə işlərinin əsas məsələlərindən biri istehsalçıların dərmanların ehtimal olunan təhlükələri barədə pasiyentləri və onların həkimlərini lazımi səviyyədə məlumatlandırıb-məlumatlandırmadığını müəyyən etməkdir.
Eyni zamanda şirkətlərin preparatların təhlükəsizliyi barədə yanlış, çaşdırıcı və ya natamam məlumatlar verib-vermədiyi də araşdırılır.
Məhkəmə işlərində cavabdeh qismində “Novo Nordisk” və “Eli Lilly and Company” şirkətləri çıxış edirlər. Hər iki şirkətin nümayəndələri irəli sürülən ittihamları qəbul etmirlər.
Bundan başqa, ABŞ Qida və Dərman Administrasiyası (FDA) “Ozempic”, “Wegovy” və GLP-1 reseptor agonistləri qrupuna daxil olan digər preparatların istehsalçılarından görmə itkisi ilə nəticələnə bilən nadir göz xəstəliyi riski barədə xəbərdarlıq əlavə etməyi tələb edib.
Söhbət görmə sinirinin qan təchizatının pozulması ilə əlaqəli olan və qəfil görmə zəifliyinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilən xəstəlikdən gedir.
Qeyd edək ki, məhkəmə iddiaları dərmanların bütün göstərilən sağlamlıq problemlərinə səbəb olduğunu sübut etmir. Bu məsələlər üzrə hüquqi araşdırmalar davam edir.

