ABŞ-nin Massaçusets ştatında yaşayan Kristofer Donisinin uşaqlıqda təyyarədə etdiyi zarafat 34 il sonra qeyri-adi hadisə ilə yenidən gündəmə gəlib. Bir vaxtlar aviaşirkətin reyslərinə buraxılmayacağı deyilən kişi indi milyonlarla sərnişini öz səsi ilə qarşılayacaq.
Hadisə 1990-cı illərin əvvəllərində, Donisi cəmi 9 yaşında olarkən baş verib. O, Bostondan Floridanın Fort-Loderdeyl şəhərinə təkbaşına uçarkən stüardessanı çağırmaq üçün nəzərdə tutulan düyməni kəşf edib.
Əylənmək məqsədilə düyməni təxminən 15 dəfə basan uşaq hər dəfə kabin əməkdaşı yaxınlaşıb çağırış işığını söndürdükdən sonra eyni hərəkəti təkrarlayıb.
Donisinin sözlərinə görə, təyyarə eniş etdikdən sonra kapitan pilot onu yanına çağıraraq bir daha “Delta Air Lines” şirkətinin reysləri ilə uça bilməyəcəyini söyləyib. Pilot hətta əvvəllər uşağa hədiyyə edilən plastik pilot nişanını da geri alıb.
Hava limanında onu qarşılayan Filis xalası da hadisəyə şahid olub və qulağından tutaraq avtomobilə aparıb.
Aradan təxminən 34 il keçdikdən sonra Donisinin həyatı gözlənilməz şəkildə dəyişib.
Boston Loqan Beynəlxalq Hava Limanını idarə edən Massaçusets Liman İdarəsi hava limanının yeni rəsmi elan səsini seçmək üçün müsabiqə təşkil edib.
Sentyabrda başlayan yarışmaya təxminən 6 min nəfər müraciət edib. İştirakçılardan Bostona gələn sərnişinlər üçün hazırlanmış qısa qarşılama mətnini səsləndirmək tələb olunub.
Müsabiqədə təxminən 35 min ictimai səs verilib. Səkkiz finalçı arasına yüksələn Donisi noyabrın 5-də qalib elan edilib.
Maraqlıdır ki, 22 ilə yaxındır santexnik işləyən Donisinin müsabiqəyə qatılmasında 70 yaşlı anası Helenin böyük rolu olub.
Anası ona müsabiqənin keçidini göndərsə də, Donisi əvvəlcə iştirak etmək istəməyib. Lakin müraciət müddətinin bitməsinə bir neçə gün qalmış anasının təkidi ilə evinin aşağı mərtəbəsində bir neçə səs yazısı hazırlayıb və onlardan birini müsabiqəyə göndərib.
Onun Boston ləhcəsi və qalın səsi münsiflərin diqqətini çəkib.

Donisi qalib olduğunu radio proqramının canlı yayımında öyrənib. Daha sonra hava limanında keçirilən mətbuat konfransında sərnişinlər üçün hazırladığı qarşılama elanını səsləndirib.
İldə təxminən 43 milyon sərnişinə xidmət göstərən Boston Loqan Hava Limanında noyabrın ortalarından etibarən onun səs yazılarının yayımlanması planlaşdırılır.
Evli və iki uşaq atası olan Donisi bu işə görə ödəniş alacaq, lakin santexnik peşəsindən ayrılmayacaq.

Beləliklə, uşaqlıqda etdiyi zarafat səbəbindən bir daha təyyarəyə buraxılmayacağı deyilən kişi illər sonra milyonlarla sərnişinin eşidəcəyi səsə çevrilib.

