Bu gün 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda qəbul edilib. Dövlətin əsas qanunu həmin il noyabrın 27-də qüvvəyə minib.
Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 31-ci ildönümüdür.
1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin dördüncü Konstitusiyasıdır. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas qanunu qəbul edilməyib.
Azərbaycanın konstitusiya quruluşunun tarixi sovet dövrünə gedib çıxır. Ölkənin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyanın yeni redaksiyası təsdiqlənib. Azərbaycan SSR-in sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul edilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasına ehtiyac yaranıb. Bu məqsədlə Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, hazırlanan layihə ümumxalq müzakirəsinə çıxarılıb.
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib.
Dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən edən Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında keçirilən referendumlarla Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.
Konstitusiya Günü ölkədə bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

