ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində bir nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.
Bu barədə Nyu-York Yanğınsöndürmə Departamentindən (FDNY) bildirilib.
Hadisə tikinti meydançasında baş verib. Yerli vaxtla saat 16:01-də fövqəladə hadisə ilə bağlı məlumat daxil olub və əraziyə ixtisaslaşmış xilasetmə qüvvələri göndərilib.
Yaralılardan dördünün vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanalara çatdırılıblar. Daha altı nəfər isə yüngül xəsarətlərlə hospitalizasiya olunub.
Hazırda xilasedicilər dağıntıların təmizlənməsi və uçqun altında qala biləcək şəxslərin axtarışı istiqamətində işləri davam etdirirlər.
Binanın çökməsinin səbəbləri və hadisənin başvermə şəraiti araşdırılır.

