Azərbaycanda sosial şəbəkədə keçmiş deputatı təhqir edən müəllim cəzalandırılıb.
Denmedia.az oxu.az-a istinadən xəbər verir ki, Saatlı Rayon Məhkəməsində Milli Məclisin keçmiş deputatı, həmçinin Protest.az saytının rəhbəri Etibar Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Şikayətdə bildirilib ki, Saatlı rayon sakini, orta məktəb müəllimi Etibar İmanlı sosial şəbəkədə Etibar Hüseynovu təhqir edib və bununla da onun şərəf və ləyaqətini alçaldıb.
Məhkəmə araşdırması zamanı fakt təsdiqini tapıb və nəticədə məhkəmə ittiham hökmü çıxarıb.
Qərara əsasən, Etibar İmanlı 1000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, Etibar Hüseynov sosial şəbəkədə paylaşım edib və Etibar İmanlı həmin paylaşımın altında təhqiramiz şərh yazıb. Bundan sonra Hüseynov Saatlı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib.

