Zaqatala rayonunda yağan güclü yağışlar və yaranan sel axınları bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, hazırda əsas problemlərdən biri şəhərin içməli su ilə təminatıdır. Sel səbəbindən Zaqatalanın bəzi hissələrinə suyun verilməsi təxminən 10 gün ərzində mümkün olmaya bilər.
İkinci Tala kəndində isə su təchizatının bərpasının təxminən 10-15 gün çəkəcəyi ehtimal olunur.
Məlumata görə, ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti kəsilib, sakinlər təhlükəsiz ərazilərə təxliyə olunublar.
Sel axınları Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərinə də ciddi ziyan vurub. Meşleş kəndində sakinlər təxliyə edilib. Həmin yaşayış məntəqələrində elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.
Bundan başqa, ötən gündən “Qaqarin” adlanan ərazidə də qaz və elektrik enerjisinin verilişində fasilələr müşahidə olunur. Sel suları 1 saylı poçt şöbəsinin binasını aparıb.
Hadisə nəticəsində həyətlər su altında qalıb, ev quşları tələf olub, kənd təsərrüfatı sahələrinə, fındıq bağlarına və tərəvəz əkinlərinə ziyan dəyib.
Hazırda ərazidə hava günəşlidir. Müvafiq xidmətlərin əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

