Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizində, eləcə də xidməti əraziyə daxil olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Denmedia.az xəbər verir ki, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Ondan müxtəlif növ balıqlar və istifadəsi qadağan edilmiş ov alətləri aşkarlanıb.
Digər tədbir zamanı isə milli parkın ərazisində qanunsuz ovla məşğul olan E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov saxlanılıblar.
Həmin şəxslərdən müvafiq sənədləri olmayan 4 ov silahı, həmçinin qanunsuz ovlanmış və adı “Qırmızı Kitab”a daxil edilmiş müxtəlif növlərə aid 72 çöl quşu aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşlarının aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirləri davam etdirilir.

