ABŞ-də “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.
“New York Post” nəşrinin məlumatına görə, hadisə Nyu-Cersi ştatından Luizianaya uçan təyyarədə baş verib.
Uçuş zamanı 34 yaşlı sərnişin üzərində bomba olduğunu iddia edərək pilot kabinəsinə daxil olmağa çalışıb.
Hadisədən sonra pilotlar hava hərəkətini idarəetmə xidmətinə təhlükə barədə siqnal göndəriblər.
Məlumata görə, ingilis dilini çox zəif bilən sərnişinin qarşısı ekipaj üzvləri tərəfindən alınıb. Onu təyyarənin arxa hissəsinə apararaq sakitləşdirməyə müvəffəq olublar.
Bundan sonra təyyarə uçuşunu davam etdirərək Yeni Orlean şəhərinin hava limanına təhlükəsiz eniş edib.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı kişi enişdən sonra polis tərəfindən saxlanılıb.
Təyyarədə 46 sərnişin və altı ekipaj üzvü olub. Hadisə ilə bağlı araşdırma aparılır.

