Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 11 mini keçib, ölənlərin sayı isə 5400-ə yaxınlaşıb.
Reuters agentliyinin ölkənin rəsmi statistikasına istinadən yaydığı məlumata görə, virusa yoluxma ilə bağlı 11 042 təsdiqlənmiş hal qeydə alınıb, 5387 nəfər isə həyatını itirib.
May ayında başlayan epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibugyo növü ilə əlaqələndirilir.
Hazırda ölkənin 26 əyalətindən səkkizində yoluxma halları aşkarlanıb. Ölüm hallarının əhəmiyyətli hissəsi ixtisaslaşdırılmış müalicə mərkəzlərindən kənarda baş verib.
Mütəxəssislər virusun sürətlə yayılmasını yoluxmaların gec aşkarlanması, bölgədəki münaqişələr və səhiyyə sisteminin üzləşdiyi çətinliklərlə əlaqələndirirlər.
Bu epidemiya 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyasından sonra dünyada qeydə alınan ikinci ən böyük və ölümcül Ebola epidemiyasıdır.
Bildirilib ki, virusun bu növünə qarşı hazırda təsdiqlənmiş xüsusi vaksin və ya müalicə vasitəsi yoxdur.

