İspaniyada qadın vəfat edən anasının əşyalarını yoxlayarkən dondurucuda yeni doğulmuş körpənin meyitini aşkar edib.
“La Región” nəşrinin məlumatına görə, hadisə ölkənin Allaris şəhərində baş verib.
Adı açıqlanmayan qadın anasının ölümündən sonra ona məxsus əşyaları nəzərdən keçirərkən binanın birinci mərtəbəsindəki qarajın anbar otağında yerləşən dondurucunu açıb. Dondurucunun içərisində körpə meyitinin olduğunu görən qadın dəhşətə gəlib.
İlkin məhkəmə-tibbi ekspertiza məlumatlarına əsasən, körpənin 32–34 həftəlik hamiləlikdən sonra dünyaya gəldiyi ehtimal olunur. Onun təxminən 20 ildən də əvvəl öldüyü bildirilir.
Körpənin hansı şəraitdə öldüyü hələ müəyyənləşdirilməyib. Ölümün səbəbini aydınlaşdırmaq üçün araşdırma aparılır və iş materialları məhkəməyə göndərilib.
Polis artıq ailənin yaxın çevrəsindən bir neçə nəfərin ifadəsini alıb. Körpənin bioloji valideynlərini müəyyən etmək məqsədilə DNT nümunələri Madrid şəhərindəki laboratoriyaya göndərilib.
Bildirilir ki, hətta körpənin qəsdən öldürüldüyü müəyyən edilsə belə, hadisənin üzərindən uzun müddət keçdiyindən cinayət məsuliyyətinə cəlbetmə müddəti artıq başa çatmış ola bilər.

