Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq açıqlanan birgə bəyannamə, regionda sülh, sabitlik və qarşılıqlı hörmət əsasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bəyannamədə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin ağır izlərinin arxada qaldığı və parlaq gələcəyə doğru inamlı addımlar atılmasının zəruriliyi vurğulanır.
Həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiq etməklə ərazi əldə etmənin yolverilməzliyi prinsipi əsasında, dövlətlər arasında sarsılmaz qonşuluq münasibətlərinin qurulması üçün zəmin formalaşdıldı. Bu, düşmənçilik səhifəsinin bağlanması və qisas cəhdlərinin qətiyyətlə rədd olunması ilə gələcəkdə davamlı sülhə töhfə verir.
Denmedia.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirir ki, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə Azərbaycanın hərbi qələbəsinin diplomatik platformada təntənəli davamıdır:
“Bu sənəd 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin beynəlxalq hüquq və diplomatiya müstəvisində təsbit olunması istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmçinin Cənubi Qafqaz regionunda uzun illər davam etmiş münaqişənin tarixə qovuşması və dayanıqlı sülh gündəliyinin formalaşdırılması nöqteyi-nəzərindən strateji sənəd kimi çıxış edir. Bu razılaşma yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə yekunlaşmır, eyni zamanda beynəlxalq hüququn fundamental prinsipləri əsasında regional təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunmasına yönəlmiş dönüm nöqtəsidir.
Aytən Qurbanova
Politoloqun sözlərinə görə, bu, Ermənistan cəmiyyətində post-münaqişə dövrünün siyasi mədəniyyətinin və münaqişəsiz gələcəyin formalaşmasına yönəlmiş iradənin mövcudluğuna işarə edir:
“Azərbaycan üçün bu sənəd ərazilərimiz üzərində dövlət suverenliyimizin bərpasının bir daha təsdiqi kimi mühüm əhəmiyyətə malikdir. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində yaradılmış yeni geosiyasi reallıqlar beynəlxalq səviyyədə qəbul edilmiş olur.
Bəyanatda yer alan “biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik” ifadəsi isə çox mühüm siyasi mesajdır. Bu müddəa revanşist ritorikanın və etnik zəmində qarşıdurma çağırışlarının qarşısının alınmasına xidmət edir və sülh prosesinin geri dönməzliyi baxımından əhəmiyyətli öhdəlik kimi qiymətləndirilir. Həmçinin tərəflərin bu mövqeyi gələcək nəsillər üçün qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına zəmin yaradır.
Vaşinqton Bəyannaməsinin imzalanması prosesində ABŞ Prezidenti Donald Trampın şəxsən iştirak etməsi və sənədə siyasi zəmanət verməsi onun sadəcə regional deyil, həm də qlobal siyasi və hüquqi çəkisini artırır. Son illərdə ABŞ-ın Cənubi Qafqazda artan diplomatik fəallığı fonunda bu prosesin təşəbbüskarı və zəmanətçisi kimi çıxış etməsi Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin möhkəmləndiyini göstərir”.
Politoloq bildirib ki, Birgə Bəyannamənin mühüm xüsusiyyətlərindən biri də ATƏT-in Minsk qrupu və onun institutlarının fəaliyyətinə hüquqi müstəvidə son qoyulması ilə bağlı razılaşmadır:
“Bu qərar uzun illər münaqişənin “dondurulmasına” xidmət etmiş uğursuz institusional mexanizmin tarixi olaraq sıradan çıxarılmasını rəsmiləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildən etibarən bu formatın funksionallığını itirdiyini elan edib. Ona görə də, Vaşinqtonda prosesin siyasi-hüquqi müstəvidə yekunlaşması Azərbaycan diplomatiyasının sistemli və ardıcıl fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Qeyd etmək lazımdır ki, Birgə Bəyannamənin məzmunu yalnız dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün deyil, həmçinin ictimai şüurda sülhə və qarşılıqlı hörmətə çağırış məqsədilə xüsusi önəm kəsb edir. Tərəflər bu sənədlə bir-birinin suverenliyini tanımaq, zorakılıqdan uzaq durmaq və düşmənçilik səhifəsini bağlamaq barədə açıq və öhdəlikli mövqe ortaya qoymuşlar.
Nəticə etibarilə, bu razılaşma əsasında hazırlanacaq və ratifikasiya ediləcək Azərbaycan–Ermənistan yekun sülh sazişi Cənubi Qafqazda davamlı, beynəlxalq hüquqa əsaslanan və balanslı təhlükəsizlik arxitekturasının təməlini formalaşdıra bilər. Beləliklə, Vaşinqton Bəyannaməsi XXI əsrin ilk rübündə Cənubi Qafqazda sülhün və əməkdaşlığın təməlini qoyan, beynəlxalq hüquqla tam uzlaşan və qlobal güclərin diplomatik dəstəyi ilə rəsmiləşdirilən geosiyasi sənəddir. Bu sənəd Azərbaycan dövlətinin siyasi iradəsinin, qətiyyətli diplomatiyasının və milli maraqlara əsaslanan xarici siyasət kursunun parlaq təcəssümüdür”.